Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş sosial təşəbbüs çərçivəsində ATL Akademiya, Baku Juniors İdman Klubu və Azərbaycan Futbol Hakimləri İctimai Birliyi arasında xüsusi əməkdaşlıq memorandumu imzalanıb. İmzalanmış memorandumun əsas məqsədi qadınların həm idman, həm də texnologiya sahəsində inkişafına töhfə vermək, onların sosial və peşəkar potensiallarını reallaşdırmalarına dəstək göstərməkdir.
Bu əməkdaşlıq, yalnız bir gəncin həyatına toxunmaqla kifayətlənmir, eyni zamanda idman və texnologiya sahələrinin kəsişməsində yeni imkanların yaradılmasına nümunə olur.
Əməkdaşlıq Memorandumu çərçivəsində ATL Akademiya qadın futbol hakimi Brilyant Əhmədzadənin təhsilinə 100%-lik təqaüd təqdim edib.
İT sahəsində təhsil və karyera imkanlarının artırılmasına yönəlmiş bu təşəbbüsdə ATL Akademiya qadınların texnologiya sahəsində iştirakını dəstəkləmək məqsədilə iştirak edib. Akademiya, Brilyant Əhmədzadəyə proqramlaşdırma sahəsində təhsil verməklə yanaşı, onun peşəkar inkişafı üçün mentorluq və istiqamətləndirmə dəstəyi də göstərəcək.
ATL Akademiya direktoru Xanım Hüseynzadənin sözlərinə görə:
"Bu təşəbbüs yalnız bir şəxsə təqdim olunan təqaüd deyil, həm də qadınların texnologiyaya keçidində bir körpüdür. Brilyant Əhmədzadənin bu yolçuluğu digər gənc qadınlar üçün də motivasiya mənbəyinə çevriləcək."
Azərbaycan Futbol Hakimləri İctimai Birliyi qadın hakimlərin inkişafını təşviq etmək məqsədilə bu layihəyə qoşulub
Layihənin əhəmiyyətini dəyərləndirən Azərbaycan Futbol Hakimləri İctimai Birliyi, bu təşəbbüsün qadın hakimlərin sosial və peşəkar inkişafına təkan verəcəyini qeyd edir. Birlik, gələcəkdə digər perspektivli qadın hakimlərin də bu cür layihələrə cəlb olunması istiqamətində fəaliyyətlərini gücləndirməyi planlaşdırır.
Qurumun sədri Gülağa Cabbarov memorandumun imzalanma mərasimində qeyd edib ki:
"Brilyantın bu uğuru göstərir ki, qadın hakimlər üçün təkcə meydanda deyil, meydandan kənarda da inkişaf imkanları mövcuddur. Biz belə təşəbbüslərin genişlənməsi üçün dəstəyimizi əsirgəməyəcəyik."
Baku Juniors klubundan keçmiş idmançısına dəstək nümunəsi göstərilib.
Brilyant Əhmədzadə, futbolçu karyerası dövründə Baku Juniors İdman Klubunun heyətində çıxış edərkən təşəbbüs göstərərək klubun rəsmi veb-saytının hazırlanmasını öz üzərinə götürmüş və bu prosesi uğurla tamamlamışdır. Məhz həmin dövrdə o, texnologiya sahəsinə olan marağını klub rəhbərliyi ilə bölüşmüşdür. Baku Juniorsun təşəbbüsü və ATL Akademiyanın dəstəyi ilə Brilyant Əhmədzadəyə Java Backend Proqramlaşdırma sahəsində 100% təqaüdlə təhsil alma imkanı yaradılmışdır.
Baku Juniors İdman Klubunun klub meneceri Ağasəf Osmanlı bu barədə bildirib:
"Biz yalnız idmanda deyil, qadınların hərtərəfli inkişafında onların yanındayıq. Brilyantın həyatında yeni bir mərhələnin başlanması bizi sevindirir və bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyik."