Azərbaycan Futbol Hakimləri

Gəncə şəhərində Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş seminar keçirilib

Gəncə şəhərində Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş seminar keçirilib

Azərbaycan futbol tarixində mühüm yer tutan, beynəlxalq arenada ölkəmizin idman nüfuzunun formalaşmasında xüsusi xidmətləri olan görkəmli idman xadimi Tofiq Bəhramovun anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Futbol Hakimləri İctimai Birliyi tərəfindən müxtəlif bölgələrdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən növbətisi Gəncə şəhərində təşkil olunub.

Seminar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə AFFA-nın nümayəndəsi Mübariz Hüseynov, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Qarayev, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov çıxış ediblər.

Çıxışlarda Tofiq Bəhramovun Azərbaycan futboluna verdiyi mühüm töhfələrdən, onun beynəlxalq miqyasda idman prinsiplərinə sadiq fəaliyyəti nəticəsində qazandığı nüfuzdan bəhs olunub. Qeyd edilib ki, Tofiq Bəhramovun obyektivliyi, peşəkarlığı və qaydalara sadiqliyi bu gün də gənc futbol hakimləri üçün örnək təşkil edir.

Seminar çərçivəsində iştirakçılara Tofiq Bəhramovun həyat və fəaliyyətindən bəhs edilib, onun dünya futbol tarixində iz qoyan məşhur qərarı ətraflı xatırladılıb və bu qərarın futbola verdiyi töhfələr müzakirə olunub. Bundan əlavə, müasir futbolun inkişaf istiqamətləri və hakimlik praktikasında tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.

Tədbirdə Tofiq Bəhramovun həyat və fəaliyyətini əks etdirən video material nümayiş etdirilib, “Tofiq Bəhramov – 100” adlı kitabçanın təqdimatı keçirilib. Həmçinin, futbol qaydaları üzrə maarifləndirici viktorina təşkil olunub və qaliblər Azərbaycan Futbol Hakimləri İctimai Birliyi tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıblar.