Azərbaycan Futbol Hakimləri

Gülağa Cabarovun 70 illik yubileyi qeyd edilir

Gülağa Cabarovun 70 illik yubileyi qeyd edilir

2025-ci ilin 25 mart tarixində Gülağa Cabarov 70 illik yubileyini qeyd edir. 

Onu qısaca Tofiq Bəhramovun yetirməsi, Azərbaycan və SSRİ yüksək liqasının hakimi, idman xadimi və “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri kimi təqdim etmək olar. Gülağa Cabarovun həyat və fəaliyyətini diqqətinizə təqdim edirik. 

O, 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. İdmanda ilk addımlarını 114 nömrəli məktəbdə oxuyarkən atıb. İlk müəllimi olan Davud Məmmədov onun idmanla məşğul olmasına böyük dəstək verib.

Gülağa Cabarov 70-ci illərdə futbolçu olub. Əvvəlcə uşaq komandaları, daha sonra böyüklərdən ibarət komandalarda oynayıb.

Futbol üzrə Azərbaycan çempionatının yüksək liqasının Suraxanılı komandası ilə iki il ardıcıl (1978-1979) qalibi olub. Buna baxmayaraq, o, futbolçu karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmağa başlamışdır.
 
1980-ci ildə respublika dərəcəli hakim Orucəli Durmuşovun dəstəyi ilə hakimliyə başlayıb. Hakim kimi ilk matçı 1980-ci ildə Xankəndi şəhərində respublika çempionatının Xankəndi – Naxçıvan matçı olub.
 
Daha sonra onun hakimlik karyerası sürətlə inkişaf etməyə başlayıb. 1982-ci ildə SSRİ çempionatının ikinci dəstəsinin köməkçi hakimi qismində təsdiq olunub. Aşağı dəstədə özünü yaxşı tərəfdən göstərən Gülağa müəllimi 1985-ci ildə SSRİ çempionatının birinci dəstəsində baş hakim və yüksək liqasında köməkçi hakim kimi təsdiq edirlər. 
 
 Gülağa Cabarov bu illəri xoş xatirələrlə yad edir:
 
«Bu illərdə bizə çox vacib və prinsipial oyunlar tapşırırdılar. «Dinamo» Kiev, «Spartak» Moskva, MOİK, «Dnepr» və digər aparıcı komandaların oyunlarını idarə etmək çox məsuliyyətli idi». Bu oyunlarda prinsipiallıq bəzən böyük çaxnaşmalara səbəb olurdu. Belə oyunlardan biri 1988-ci il Donetskdə baş verdi. Yerli «Şaxtyor» və MOİK matçından sonra bizi stadiondan yalnız OMON sayəsində çıxartmaq mümkün oldu.

 

Gülağa Cabarov SSRİ çempionatının son illərində baş hakim qismində cəlb edilir. O,  1989-cu il SSRİ Kubokunun 1/8 finalının «Çernomorets» - «Metallurq» oyunu ilə baş hakim qismində debüt edir. Bununla belə, 1989-cu il bütöv SSRİ çempionatının son ili olur və Azərbaycanlı hakimlərin fəaliyyəti məhdudlaşır.

 SSRİ-nin dağılması ilə Gülağa Cabarovun milli karyerası start götürür və 1998-ci ilə qədər davam edir. O, 1992-ci ildə ilk dəfə keçirilən futbol üzrə Azərbaycan Kubokunun final matçının baş hakimi olub. Həmin matçda "İnşaatçı"(Bakı) finalda "Kür" (Mingəçevir) klubunu məğlub edərək, ilk turnirin qalibi kimi tarixə düşüb. 

Milli karyerası dövründə çempionatın önəmli matçlarını idarə etmək çox məsuliyyətli olub. O, 107 dəfə baş hakim kimi komandaları meydana çıxarıb. 90-cı illərin əvvəlində milli hakimlər briqadasının heyətində beynəlxalq oyunlara təyinat alır.

Hakimlik karyerasından sonra idman funksioneri kimi onun maraqlı karyerası olub.

1995-2000-ci illərdə Suraxanı rayon idman və gənclər idarəsinin rəisi olduğu illərdə rayonun ictimai həyatında aktiv iştirak edir.  

 2000-2001-cillərdə ölkənin aparıcı idman cəmiyyəti olan "Neftçi" İdman Sağlamlıq Mərkəzinin rəis müavini olaraq, neçə-neçə olimpiya mükafatçılarının hazırlığına rəhbərlik edib. Həmin illərdə Sidney Olimpiya və Paralimpiya oyunlarında azərbaycanlı idmançıların yanında olur. Onların uğurlarında kiçik də olsa pay sahibi olur. Bu illərdə o, geniş uşaq futbol məktəbinə və bir neçə böyüklərdən ibarət peşəkar komandaya sahib olan «Neftqaz» futbol klubunun prezidenti olub. 

2003-cü ildə ölkə futbolunda baş verən vacib dəyişikliklərdən sonra AFFA Hakimlər Komitəsinin ilk sədri olur. Bu illərdə sonradan beynəlxalq dərəcəli hakimlər olacaq Babək Quliyev, Anar Salmanov və digər gənc hakimlərin inkişafında iştirak edir.

O, 2001-ci ildə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin idman kafedrasının qurulmasında iştirak edir. Sonradan 2020-ci ilə qədər kafedranın müdiri olur. 

2008-2017-ci illərdə AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsində çalışır. Bugünə qədər hakimlərin inkişafına dəstək vermək məqsədilə ölkə çempionatının oyunlarında hakim-inspektor kimi iştirak edir.

FİFA və UEFA-nın seminarlarında iştirak edərək, hakim təlimatçısı kimi aktiv fəaliyyət göstərir. 

Bugün  Gülağa Cabarov 2003-cü ildə bir qrup veteran hakimlərlə birlikdə təsis etdiyi “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri qismində fəaliyyət göstərir. Azərbaycan futbol hakimliyinin inkişafı üçün səylərini davam etdirir.