Futbol tariximizdə öz yeri və beynəlxalq səviyyədə ölkəmizin idman nüfuzunun formalaşmasında xüsusi rolu olan görkəmli hakim Tofiq Bəhramovun 100 illik yubileyinə həsr olunmuş “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsinin yekun seminarı Sumqayıt şəhərində uğurla keçirilib.
Seminar zamanı iştirakçılara Tofiq Bəhramovun həyat və fəaliyyətindən ətraflı məlumat verilib. Onun Azərbaycan futboluna verdiyi töhfələr, beynəlxalq arenada qazandığı nüfuz, həmçinin dünya futbol tarixində iz qoyan məşhur qərarı geniş şəkildə təqdim olunub. Həmçinin müasir futbolun inkişaf istiqamətləri və hakimlik praktikasında tətbiq olunan yeniliklər barədə geniş müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan Milli Amputant Futbol Komandasının rəhbəri Elnur Sadıqov, Sumqayıt Futbol Klubu Akademiyasının meneceri Fəxrəddin Həsənov, Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov çıxış edərək öz fikirlərini bölüşüblər.
Seminar çərçivəsində Tofiq Bəhramovun həyat yolu və fəaliyyəti barədə video təqdimatı nümayiş etdirilib, “Tofiq Bəhramov – 100” kitabçasının təqdimatı keçirilib. Həmçinin, iştirakçılar üçün futbol hakimliyinə dair qaydalar üzrə interaktiv viktorina təşkil olunub. Viktorinanın əsas məqsədi iştirakçılara hakimlik peşəsinin nə qədər çətin və məsuliyyətli olduğunu göstərmək, qərarların sürətlə və düzgün qəbul edilməsinin vacibliyini hiss etdirmək olub. Qaliblər xatirə hədiyyələri ilə təltif ediliblər.
Sonda qeyd olunub ki, “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi Sumqayıt şəhərində uğurla başa çatıb və gənclər arasında ədalətli oyun prinsiplərinin təbliği, futbol mədəniyyətinin inkişafı və Tofiq Bəhramovun irsinin gələcək nəsillərə çatdırılması istiqamətində mühüm töhfələr verib.Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.