“Ədalətin simvolu Tofiq Bəhramov – 100” layihəsinin Lerikdəki seminarı böyük maraqla davam etdirilib.
Azərbaycan idmanı, xüsusilə futbol və futbol hakimliyi tarixi üçün önəmli şəxsiyyət olan Tofiq Bəhramovun anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər davam etdirilir. Bu məqsədlə “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Lerik şəhərində seminar keçirilib.
Tədbirdə Lerik Gənclər və İdman İdarəsinin sektor müdiri Natiq İsaqov, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Çıxışlarda Tofiq Bəhramovun irsi, müasir futbol hakimliyi, idmanda liderlik və futbol oyun qaydalarının maraqlı məqamları müzakirə olunub.
Seminar çərçivəsində video sujetlər nümayiş etdirilib, “Tofiq Bəhramov – 100” kitabçasının təqdimatı keçirilib. Həmçinin futbol qaydaları üzrə maarifləndirici yarış təşkil olunub və qalib mükafatlandırılıb. Sonda iştirakçılara sertifikatlar və kitabçalar təqdim edilib.