Azərbaycan Futbol Hakimləri

Şəkidə futbol ictimaiyyətini bir araya gətirən “Tofiq Bəhramov – 100” layihəsinin seminarı baş tutub.

Şəkidə futbol ictimaiyyətini bir araya gətirən “Tofiq Bəhramov – 100”  layihəsinin seminarı baş tutub.

Azərbaycan idman tarixi üçün xüsusi önəm daşıyan, dünya futbolunda “ədalətin simvolu” kimi tanınan görkəmli şəxsiyyət Tofiq Bəhramovun anadan olmasının 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər uğurla davam etdirilir. Bu tədbirlərin davamı olaraq, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə qədim və tarixi Şəki şəhərində maarifləndirici seminar reallaşdırılıb.

Seminarda Şəki Gənclər və İdman İdarəsinin nümayəndələri, bölgənin futbol ictimaiyyəti, idman sevərlər iştirak ediblər. Tədbir zamanı “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov çıxış edərək Tofiq Bəhramovun xatirələrindən və onun futbol tarixində qoyduğu dəyərli izlərdən danışıb. Çıxışda həmçinin Bəhramovun ədalətli oyun prinsipləri, müasir futbol hakimliyinə təsiri və idmanda liderliyin önəmi vurğulanıb.

Tədbir çərçivəsində Tofiq Bəhramovun həyat və fəaliyyətinə həsr olunmuş video-sujetlər nümayiş etdirilib, gənclərin böyük marağına səbəb olan “Tofiq Bəhramov – 100” kitabçasının təqdimatı keçirilib. Həmçinin iştirakçıların biliklərini yoxlamaq məqsədilə futbol qaydaları üzrə interaktiv yarış təşkil olunub və qaliblər xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Seminarın sonunda bütün iştirakçılara sertifikatlar və xatirə kitabçaları təqdim olunub. Şəkidə keçirilən bu görüş həm Tofiq Bəhramovun xatirəsinin anılması, həm də gənc nəsil arasında futbol mədəniyyətinin, ədalətli oyun prinsiplərinin və idman dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.