Azərbaycan idman tarixinə qızıl hərflərlə yazılmış, xüsusilə futbol və futbol hakimliyi sahəsində böyük iz qoymuş Tofiq Bəhramovun anadan olmasının 100 illiyi münasibətilə ölkəmizdə silsilə tədbirlər davam edir. Bu çərçivədə “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba şəhərində maarifləndirici seminar keçirilib.
Tədbir iştirakçıları arasında Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba PFK-nın prezidenti Ayaz Abdullayev, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov yer alıblar. Onların çıxışlarında Tofiq Bəhramovun zəngin irsi, Azərbaycan futbolunun inkişafında hakimliyin rolu, idmanda liderliyin əhəmiyyəti və futbol oyun qaydalarının aktual məsələləri ön plana çəkilib.
Seminar müddətində mövzuya dair video-sujetlər nümayiş olunub, gənclərin marağına səbəb olan “Tofiq Bəhramov – 100” kitabçasının təqdimatı reallaşıb. Bundan əlavə, futbol qaydaları üzrə interaktiv maarifləndirici yarış təşkil edilib və qaliblərə xüsusi hədiyyələr təqdim olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və xatirə kitabçaları təqdim olunub. Qubada keçirilən bu seminar həm əlamətdar yubileyin qeyd olunması, həm də gənclərdə futbol mədəniyyəti və ədalətli oyun prinsiplərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.