Azərbaycan futbolunun və futbol hakimliyinin inkişafına həsr olunmuş “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi çərçivəsində media nümayəndələri və futbol veteranları ilə görüş keçirilib. Tədbir Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri Gülağa Cabarov layihənin məqsədləri barədə ətraflı məlumat verib. O, futbol hakimliyinin inkişafının, gənc hakimlərin təlim və maarifləndirilməsinin vacibliyini vurğulayıb, həmçinin Tofiq Bəhramovun Azərbaycan futboluna göstərdiyi xidmətlərdən danışıb.
Tədbir zamanı iştirakçılara Tofiq Bəhramovun həyat və fəaliyyətinə həsr olunmuş xüsusi kitabçalar təqdim olunub. Kitabçada onun peşəkarlığı, ədalətlilik prinsipləri və Azərbaycan futbolunun inkişafındakı rolu geniş şəkildə işıqlandırılıb.
Media nümayəndələri və futbol veteranları görüş zamanı layihə çərçivəsində həyata keçiriləcək tədbirlər, Tofiq Bəhramovun irsinin qorunması və gənc nəsillərə çatdırılması istiqamətində görülən işlər barədə məlumatlandırılıblar. Görüş səmimi və maraqlı müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.