Azərbaycan Futbol Hakimləri

“Tofiq Bəhramov – 100” minifutbol turniri uğurla başa çatdı!

“Tofiq Bəhramov – 100” minifutbol turniri uğurla başa çatdı!

Azərbaycan futbol tarixinin unudulmaz siması, dünya şöhrətli hakim Tofiq Bəhramovun 100 illiyi münasibətilə keçirilən minifutbol turniri başa çatıb.
"Azərbaycan Futbol Hakimləri İB-nin təşkilatçılığı, Azərbaycan Minifutbol Federasiyasının tərəfdaşlığı və Topaz-ın baş sponsorluğu ilə təşkil olunan turnirin qalibi Azərbaycan İdman Akademiyasının komandası olub.
Turnirin 19 iyulda keçirilən final oyununda Azərbaycan İdman Akademiyası və futzal hakimlərindən ibarət “The Same” komandası üz üzə gəlib. Final oyunu maraqlı mübarizə şəraitində keçərək, Akademiyanın 4-3 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan İdman Akademiyası turnirin çempionu, “The Same” 2-ci, premyer liqa hakimlərindən ibarət “Ref Team” və media mənsublarından ibarət “Media Star” komandaları 3-cü yeri tutublar.
Turnirin bombardiri və ən yaxşı oyunçusu Azərbaycan İdman Akademiyasının üzvü Vüsal Buludlu olub. O, 15 qol ilə bu mükafata layiq görülüb.
Turnirin ən yaxşı qapıçısı isə Akademiyanın qapıçısı Rüstəm Rüstəmli olub.
Turnirin Tofiq Bəhramovun adına olan “Fair Play” mükafatı isə ən az sarı vərəqə alan və nümunəvi oyunu ilə seçilən veteran hakimlərdən ibarət komandaya təqdim olunub. Mükafat veteran hakim Ramil Diniyevə təqdim olunub.
Həmçinin, turnirdə hakimlik etmiş jurnalist Həbib Aslanova təşəkkürnamə təqdim olunub. Gələcəkdə bu ənənə davam etdirilməklə daha çox jurnalistlərin hakimlik edərək, bu işin reallıqlarını görmək imkanı olacaqdır.
Bağlanış mərasimində iştirakçı 12 komandanın nümayəndələri, futbol həvəskarları, media nümayəndələri, futbol veteranları, hakimlər, ictimai şəxslər və idman qurumları iştirak edib.
Beləliklə, 2 ay müddətində davam edən maraqlı turnir uğurla başa çatıb.