Azərbaycan futbol tarixində adını qızıl hərflərlə yazdırmış, beynəlxalq aləmdə ölkəmizin idman nüfuzunun formalaşmasında mühüm rol oynamış Tofiq Bəhramovun anadan olmasının 100 illiyi münasibətilə müxtəlif bölgələrdə tədbirlər təşkil olunur. Bu məqsədlə “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti seminar Bakı şəhərinin Xətai rayonunda baş tutub.
Seminarda Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Bakı Şəhər Gənclər və İdman İdarəsi Xətai rayon sektorunun müdiri Tural Əhmədli, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Çıxışlarda Tofiq Bəhramovun Azərbaycan futboluna verdiyi töhfələr, onun peşəkarlıq prinsipləri, həmçinin müasir futbol hakimliyinin inkişaf istiqamətləri və idmanda gənclərin liderlik bacarıqlarının formalaşdırılması kimi mövzular geniş şəkildə müzakirə olunub.
Seminar çərçivəsində Tofiq Bəhramovun həyat və fəaliyyətini əks etdirən video materiallar nümayiş etdirilib, “Tofiq Bəhramov – 100” adlı kitabçanın təqdimatı keçirilib. Bundan əlavə, futbol qaydaları üzrə maarifləndirici viktorina təşkil olunub və qaliblər mükafatlandırılıb.