Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 2025/26 mövsümü üçün Oyun Qaydalarında bir sıra dəyişiklikləri təsdiqləyib. Şimali İrlandiyanın Belfast şəhərində İrlandiya Futbol Assosiasiyası (IFA) tərəfindən təşkil edilən İFAB-ın 139-cu illik ümumi iclasında aşağıdakı qərarlar qəbul olunub:
Qayda 12.2 (sərbəst zərbə)
Ən vacib dəyişiklik qapıçıların cərimə meydanı daxilində topu əllərində 8 saniyə saxlamaq imkanı və bu vaxtdan artıq saxladıqda rəqib komandanın xeyrinə künc zərbəsinin təyin edilməsi olmuşdur. Sınaqlar göstərib ki, qapıçıların topu həddindən artıq uzun müddət əllərində saxlaması oyun dinamikasına ciddi təsir edir. Buna görə də, IFAB yekdilliklə 12.2-ci Qaydaya (sərbəst zərbə) dəyişiklik etməyə qərar verib. Dəyişikliyə əsasən, qapıçı topu səkkiz saniyədən artıq saxladıqda (paralel hakim vizual olaraq beş saniyəlik geri sayım edəcək), rəqib komanda üçün künc zərbəsi təyin olunacaq. Beləliklə, hazırkı altı saniyə qaydasında tətbiq edilən sərbəst zərbə künc zərbəsi ilə əvəz edilir.
Qayda 3.10 (komanda kapitanı)
Yalnız kapitanın müəyyən vəziyyətlərdə hakimə yaxınlaşmaq icazəsinin olması prinsipinin bütün yarışlarda istifadəsinin mümkünlüyü barədə təlimat Oyun Qaydalarına əlavə olunub. Bu sistem ötən il bir sıra yarışlarda uğurla sınaqdan keçirilib. IFAB hakimlərin qərar verərkən tez-tez şifahi və hərəkətlə etiraza məruz qaldığını nəzərə alaraq, bu dəyişiklik sayəsində kapitanlar və hakimlər arasında daha güclü əməkdaşlıq və kommunikasiyasının inkişaf edəcəyini vurğulayır. Bu isə öz növbəsində oyunda ədalət və qarşılıqlı hörmət dəyərlərinin inkişafına töhfə verəcəkdir.
Qeyd etdiyimiz vacib dəyişikliklər ilə yanaşı 1 iyul 2025-ci ildən qüvvəyə minəcək aşağıdakı düzəlişlər də Oyun Qaydalarının növbəti nəşrində öz əksini tapacaqdır:
· Qayda 8.2 (Mübahisəli top): Əgər oyun dayandırıldıqda top cərimə meydançasının xaricindədirsə, hakim topu ya həmin anda topa sahib olan komandaya, ya da topa sahib olacağı aydın olan komandaya verəcək. Əgər hakim topun kim tərəfindən sahib olacağına əmin deyilsə, top son toxunan komandaya verilir. Mübahisəli top oyun duran zaman topun olduğu yerdən icra edilir.
· Qayda 9.2 (Top oyunda): Əgər məşqçi, əvəzedici, əvəz edilmiş və ya qovulmuş və ya müvəqqəti meydan kənarında olan oyunçu topun meydanı tərk etməsi zamanı ona toxunarsa və bu, ədalətsiz müdaxilə kimi qiymətləndirilməzsə, sərbəst zərbə təyin ediləcək.
· VAR protokolu: Çox vaxt alan VAR yoxlamaları və VAR müdaxiləsi nəticəsində monitora baxdıqdan sonra qərarlarını bütün stadiona elan etmək seçimindən istifadə imkanı hakimlərə təqdim olunur. Hər bir yarış bu imkandan istifadənin tətbiq edəcəyi barədə özü qərar verməlidir.
· Hakimləri üçün praktiki təlimatlar: VAR, penalti zərbələri zamanı qol/qol deyil yoxlamalarını və qapıçıların xətdən irəli çıxmaq kimi qayda pozuntularını yoxlaya bildiyi üçün köməkçi hakim penalti nöqtəsi ilə eyni olan xətdə (bu həmçinin ofsayd xəttidir) mövqe tutmalıdır.
Bu dəyişikliklər ən tez 01 iyul 2025-ci il və ya ən gec növbəti yarışın başlama tarixindən etibarən tətbiq ediləcək. Bu dəyişikliklər 14 iyun 2025-ci ildə başlayacaq FIFA Klublararası Dünya Çempionatında tətbiq ediləcək.
Hakimlərin bədən kameraları sınaqları.
Bəzi yüksək səviyyəli matçlarda hakimlərin bədən kamerası taxmasına icazə verilməsi bu yarışlardan müsbət rəylərin alınmasına səbəb olmuş və əldə edilən video yazıların təlim və tədris məqsədləri üçün istifadəsinə imkan yaratmışdır. İFAB bu texnologiyanın gələcək istifadəsini dəyərləndirmək, keyfiyyət və təhlükəsizlik standartlarını inkişaf etdirmək üçün FİFA yarışlarında hakimlərin üzərində kamera gəzdirmək sınaqlarını dəstəkləyir. FIFA Klublararası Dünya Çempionatında bədən kameralarının canlı yayımın aparılması zamanı istifadə edilməsini təsdiqləyib.
İngiltərə aşağı liqalarında hakimlərin bədən kameralarından istifadəsi oyunçuların davranışına müsbət təsir etməsini nümayiş etdirib. Bu səbəbdən bu təcrübənin genişləndirilməsi və təşviq edilməsi qərara alınıb.
Yarlı-avtomatlaşdırılmış ofsayd texnologiyası
IFAB, cəlb edici futbola səbəb olan hücum yönlü futbolu dəstəkləmək və qol imkanlarının artırılmasını təşviq etmək məqsədilə daha çox ofsayd sınaqlarının keçirilməsi üçün yeni yarışları tapmağı qərara alıb. FIFA bu cür sınaqları bir sıra qarşıdakı FIFA yarışlarında həyata keçirəcək.
FIFA-nın yeni Futbol Video Dəstək sisteminin sınaqları
FIFA, 2024-cü ildə bir neçə yarışda sınaqdan keçirdiyi və az sayda kamera tələb edən daha sərfəli Futbol Video Dəstək (FVD) sisteminin uğurlu nəticələri barədə IFAB-ı məlumatlandırıb. Uğurlu nəticələri əsas tutaraq, sınaqların daha çox yarışlarda aparılması qərara alınıb. FVD barədə daha ətraflı digər araşdırma məqaləmizdə buradan tanış ola bilərsiz.
Digər təşəbbüslər
Son iclasda həmçinin, oyun bərpasının ləngidilməsinə yönələn davranışlar istiqamətində aparılan sınaqlar və beyin silkələnməsi üzrə qabaqlayıcı kompaniya nəticələri nəzərdən keçirilib.
Qeyd edək ki, İFAB-ın son illik iclasının nəticələri və Qaydalarda olan dəyişikliklər barədə ətraflı məlumat “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi tərəfindən Azərbaycan futbol ictimaiətini futbol oyun qaydalarında olan yeniliklər barədə maarifləndirmək məqsədilə hazırlanmışdır.